"Vitali Balasanyan digər separatçılar kimi günahkardır"-POLİTOLOQ


Xəbər verdiyimiz, Vitali Balasanyan naməlum şəraitdə və bilinməyən bir zamanda Qarabağ ərazisini tərk edərək Ermənistana keçə bilib. Terrorçu və qanunsuz rejimin rəhbərlərindən biri olmuş Vitali Balasanyan Azərbaycana gətirilərək həbs edilə bilər?

"Vitali Balasanyanın Ermənistana keçməsi və həbsi tamamilə Ermənistanın daxili qanunvericiliyi ilə bağlı olan məsələdir. Balasanyan digər separatçılar kimi günahkardır. Azərbaycan qanunlarını açıq şəkildə pozub. Bununla yanaşı, beynəlxalq hüququn norma və prinsiplərini pozub. Lakin onun Bakıya gətirilməsi və Azərbaycan tərəfindən bu istiqamətdə hansısa bir addım atması hesab edirəm ki indiki məqamda mümkün deyil. Məsələ ondan ibarətdir ki, Azərbaycan - Ermənistan arasında münaqişə faktiki olaraq davam edir. Hələki sülh müqaviləsi imzalanmayıb. Müharibə olmasaydı yaxud müqavilə imzalansaydı belə iki ölkə arasında müvafiq məhbusların ekstradisiyası və mübadiləsi məsələsinə dair bir razılıq yoxdur. Bu adətən dövlətlərarası ikili münasibətlərdə imzalanan razılaşmalar ilə tənzimlənir. Azərbaycan və Ermənistan arasında bu tip razılaşmalar yoxdu. Bundan əlavə Ermənistan statunu qəbul edib. Azərbaycan bu istiqamətdə müraciət etsə belə bunu bir başa Ermənistana yox, beynəlxalq axtarışa verə bilər ki, Vitali Balasanyan ölkəni tərk edəcəyi təqdirdə keçəcəyi ölkələrin birində həbs edilsin. Bu halda bəli mümkün ola bilər. Amma hazırda Ermənistanda olduğu müddətdə, hətta orada həbs edilsə belə Azərbaycan istəyərsə Ermənistan onu verməz. Əgər bu olsaydı, Paşinyana ölkəsində ciddi problemlər açardı. Yəni bu baxımdan onun Azərbaycana gətirilməsi, bu istiqamətdə bir istək nümayiş etdirməsi inandırıcı deyil".

Qeyd edək ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının yaydığı rəsmi məlumatda əsir düşmüş Natiq Qasımovun məhz Vitali Balasanyan tərəfindən vəhşicəsinə qətlə yetirildiyi açıqlanmışdı.

Top