
"27 sentyabr müasir Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir"- Emil Əkbərov
"3 ildir ki, xalqımız şəhər və rayonlarında müqəddəs ziyarətgahlara çevrilmiş Şəhidlər Xiyabanına axışır və ərazi bütövlüyü uğrunda canlarından keçən oğullarımızın ruhuna dualar oxuyur".
Bunu Sonxeber.az-a danışan "BİG Media" MMC-nin direktoru Emil Əkbərov deyib.
Emil Əkbərov qeyd edib ki, 27 sentyabr müasir Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir:
"Cənab prezident İlham Əliyevin 02.12.2020-ci il tarixli Sərəncamı ilə sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi təsis edilib. Artıq 3 ildir ki, şəhidlərimizi böyük ehtiram və hörmətlə anırıq. Cənab prezident İlham Əliyevin sərəncamı ilə 27 sentyabrın Anım Günü kimi qeyd edilməsi şəhidlərimizə, qazilərimizə və İkinci Qarabağ müharibəsi iştirakçılarına verdiyi böyük dəyərin göstəricisidir.
Üç il öncə yəni sentyabrın 27-də cənab prezident, Azərbaycanın Müzəffər Ordusunun Ali Baş Komandanı İlham Əliyev televiziya kanalları vasitəsilə Azərbaycan xalqına tarixi müraciət etdi. 2020-ci ilin sentyabrın 26-da Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdən, müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək, bizim yaşayış məntəqələrimizi, eyni zamanda hərbi mövqelərimizi atəşə tutmuşdular. Ermənistan silahlı qüvvələrinin açdığı atəş nəticəsində mülki əhali və hərbçilərimiz arasında ölənlər, yaralananlar oldu. 44 gün davam edən Vətən müharibəsində qəhrəman oğullarımız bütün şəhidlərimizin qisasını alaraq ərazi bütövlüyümüzü bərpa etdilər. Azərbaycan xalqı var olduqca ərazi bütövlüyümüz uğrunda şəhid olan bacı və qardaşlarımızın xatirəsi hər zaman böyük ehtiram və hörmətlə anılacaq. Bu gün qalib ölkənin vətəndaşı olmaq qürurunu bizə yaşadan şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə şəfa diləyirəm".