
AIMC əməkdaşları könüllü qanvermə aksiyasında iştirak ediblər
"Azerbaijan International Company Limited"də (AIMC) hemofiliya, talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkənlərə yardım məqsədilə Gədəbəydə könüllü qanvermə aksiyası keçirilib.
Qanvermə aksiyası AIMC və Səhiyyə Nazirliyinin Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Mərkəzi Qan Bankının birgə təşəbbüsü ilə baş tutub. Aksiyada 150-dən çox AIMC əməkdaşı iştirak edib.
Həkim-hematoloqlar tərəfindən donorların sağlamlığı yoxlanıldıqdan sonra onlardan qan götürülüb. Tədarük olunan qan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan digər xəstələrin müalicəsində istifadə olunacaq.
AIMC tərəfindən xeyriyyə tədbirlərinin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, AIMC Azərbaycan Respublikası Hökuməti ilə "R.V İnvestment Group" MMC (ABŞ) arasında imzalanmış Hasilatın Pay Bölgüsü Sazişi çərçivəsində həyata keçirilən Azərbaycanda kəşfiyyat, mədən tikintisi, faydalı qazıntı emalı və qızıl və mis layihələrinin işlənməsinə yönəlmiş əməliyyatlarla fəal şəkildə məşğul olur. Şirkətin portfeli Hasilatın Pay Bölgüsü Sazişi çərçivəsində fəaliyyət göstərən hər biri Azərbaycan Respublikası Hökuməti ilə əməkdaşlıq və tərəfdaşlıq əsasında inkişaf edən səkkiz müqavilə sahəsindən ibarətdir.