
Xalqımıza qarşı törədilmiş heç bir cinayət cəzasız qalmayacaq
Xalqımıza qarşı törədilmiş sülh və insanlıq əleyhinə, müharibə, terrorçuluq və digər cinayətlərlə əlaqədar istintaqın aparılması və onları törətmiş şəxslərin əməllərinə hüquqi qiymət verilməsi, həmin cinayətlərin təşkilində və törədilməsində iştirak etmiş şəxslərin müəyyənləşdirilərək mövcud qanunvericiliyə və beynəlxalq hüquqa əsasən cinayət məsuliyyətinə cəlb olunması, habelə Ermənistan tərəfindən beynəlxalq hüquq normalarının və prinsiplərinin kobud şəkildə pozulması faktları ilə bağlı beynəlxalq təşkilatlar qarşısında müvafiq vəsatətlər qaldırılması məqsədilə 2003-cü il dekabrın 18-də Baş Prokurorun, daxili işlər və milli təhlükəsizlik nazirlərinin vahid əmri ilə birgə istintaq-əməliyyat qrupu yaradılıb, 2005-ci il mayın 5-dən öz təşəbbüsü ilə ibtidai araşdırmaya prosessual rəhbərlik Baş prokurorun müavini-Hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyevə həvalə edilməklə, həmin istintaq-əməliyyat qrupunun fəaliyyəti Hərbi Prokurorluğa tapşırılıb. Bundan sonra erməni silahlı birləşmələrinin üzvləri tərəfindən müxtəlif illərdə törədilmiş eyni xarakterli cinayət faktları ilə bağlı başlanılmış və cinayət törətmiş şəxslərin və ya onların olduqları yerin müəyyənləşdirilməməsi əsası ilə icraatları dayandırılmış hər bir cinayət işi öyrənilib, bir neçə cinayət işinin icraatı yenilənərək vahid icraatda birləşdirilmiş və istintaq aparılıb. Cinayət işinin ibtidai araşdırması əvvəlki illərdən fərqli olaraq cinayət işinin vahid istintaq-əməliyyat planına əsasən daha səmərəli, ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və hüquq normalarına, eləcə də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, Cinayət Prosessual Məcəlləsinin tələblərinə tam uyğun və baş vermiş cinayət hadisələrinin hər birinin mahiyyəti üzrə aparılıb.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev deyib.