"Laçının Şəhər Günü"nün bayram keçirilməsi tarixi hadisədir


Laçının işğalı böyük faciə idi. Çünki Laçın rayonunun işğalından sonra Ermənistanla keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti arasında fiziki bağlantı yarandı. Bu da digər ərazilərimizin işğalı üçün Ermənistana imkanlar qazandırdı. Azərbaycan öz torpaqlarını 44 günlük Vətən müharibəsində işğaldan azad etsə də, Laçın şəhəri, Zabux və Sus kəndləri 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata əsasən təxminən iki il sonra 2022-ci ilin avqustun 26-da nəzarətimizə keçdi. Ermənistan Laçında hərbi cinayətlər törədərək burada Qarabağla əlaqəsi olmayan Yaxın Şərqdən olan ermənilərin məskunlaşmasını aparmışdı. Amma dövlətimizin başçısının qətiyyəti və siyasi iradəsi sayəsində Laçın şəhəri, Zabux və Sus kəndləri Ermənistanın məskunlaşdırdığı ermənilərdən azad edildi. Laçın şəhəri, Zabux və Sus kəndləri bir il müddətində sürətlə inkişaf edib. İndiyədək Laçın rayonunda 254 ailənin, yəni, 992 nəfərin daimi məskunlaşması təmin edilib. Cəmi 8 ay ərzində Laçın şəhəri, Zabux və Sus kəndləri yenidən qurulub bərpa etdirilərək müasir libasa bürünüb, burada laçınlıların xoşbəxt gələcəyi üçün bütün şərait yaradılıb. İlin sonuna qədər isə minlərlə laçınlı öz doğma yurdlarına qayıdacaq.
Müharibənin başa çatdığı 3 ilə yaxın bir dövrdə Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın dəfələrlə Laçına səfər etmələri bu rayonun sürətlə və keyfiyyətlə yenidən qurulmasına yol açıb. Dövlətimizin başçısının hər bir səfəri rayonun həyatına canlanma gətirib, təməli qoyulan və açılışları olunan çoxsaylı layihələrlə zəngin olub. Bu gün artıq Laçının 258 hektar ərazisində müasir standartlara cavab verən evlər yenidən inşa olunub. Şəhər infrastrukturu isə laçınlıların rahat yaşamasına və buraya gələcək qonaqların dincəlməsinə imkan verəcək. Öz doğma yurdlarına qayıdacaq insanlar üçün iş yerlərinin qabaqcadan açılması 31 il məcburi köçkünlük həyatına son qoyulmuş hər bir laçınlının firavan gələcəyinin təminatı deməkdir. Laçında yaradılan Aqro və Sənaye Parkında fəaliyyət göstərəcək 46 müəssisə laçınlıların işsizlik məsələsini həll etməklə yanaşı, rayonun iqtisadiyyatının yenidən sıçrayışlı inkişafına yol açacaq. Tikilən müasir yollar, Beynəlxalq Hava Limanı və şəhər infrastrukturu Laçın şəhəri, Zabux və Sus kəndlərini ən müasir səviyyəyə gətirir və buraya səfər edən hər kəsi valeh edir.
Top