Hansı metrostansiyaların adı DƏYİŞDİRİLSİN?
"Konstitusiya və Suverenlik İli” ilə əlaqədar Bakıda metro stansiyalarına yeni adlar veriləcək.
Bu, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən 2025-ci ilin "Tədbirlər Planı"nda əksini tapıb.
Maraqlıdır, Bakı metropoliteninin hansı stansiyalarında ad dəyişikliyi ola bilər?
Milli Məclisin deputatı Aqil Abbas "Elmlər Akademiyası" staniyasının adının dəyişdirilməsini təklif edib. Eyni zamanda o, “Xalqlar dostluğu” adının saxlanılmasına tərəfdardır:
"“Xalqlar dostluğu”nun adının dəyişdirilməsi ilə bağlı fikirlər varsa, nə edəcəklər, “Xalqlar düşmənliyi” qoyacaqlar? Xalqlar dostdurlar da... Xalqlar həmişə düşmən olmur ki... Vaxt gələcək, yenə "Hayastan-Azərbaycan" oxuyacaqlar. Həmişə düşmənçilik olmur. Almanlarla ruslar düşməndirlər? “Xalqlar dostluğu”nun adı pis deyil. İndi kimin adını hara qoyacaqlarsa, hökumət özü bilər. Mən komissiyanın üzvü deyiləm. Məncə, "Elmlər Akademiyası" stansiyasına görkəmli alimimiz "Yusif Məmmədəliyev" adı verilsə, yaxşı olar".
"Bakı Metropoliteni" QSC-nin keçmiş mətbuat katibi Nəsimi Paşayev isə "Ulduz" və "Xalqlar Dostluğu" stansiyalarının adlarının dəyişdirilə biləcəyini söyləyib:
"Bütün hallarda milli adlara üstünlük verilməsi yaxşı olardı. Stansiyaların hamısının adının dəyişdirilməli olduğunu düşünmürəm. Məsələn, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun adı verilmiş stansiya var. Onun adını dəyişməyə ehtiyac yoxdur. "İçərişəhər" stansiyası qoruq ərazisinə yaxın olduğu üçün belə adlandırılıb. Amma məsələn, "Ulduz" stansiyasının adını dəyişə bilərik. "Xalqlar dostluğu" stansiyası da sovetdənqalma addır, dəyişdirilə bilər.
Söhbət suverenlikdən, Azərbaycandan gedirsə, Milli Qəhrəmanlarımızın adını vermək daha məqsədəuyğun ola bilər. Vətən müharibəsində qəhrəmanlarımız, şəhidlərimiz olub, onlarn adlarını vermək olar. Eləcə də tariximizlə bağlı hər hansı ad vermək mümkündür. Metrostansiyaların yerləşdiyi ərazinin tarixi araşdırla bilər, o yerin hər hansı etnoqrafik adı varsa, onu vermək olar".