Qlobal Reytinqləri Fəth Edən Elm Məskəni: BDU-nun Neft kimyası və kimya texnologiyası kafedrası

Qlobal Reytinqləri Fəth Edən Elm Məskəni: BDU-nun Neft kimyası və kimya texnologiyası kafedrası


Dünya universitetlərinin nüfuzlu "QS World University Rankings by Subject 2026" hesabatına əsasən, Bakı Dövlət Universitetinin (BDU) "Neft mühəndisliyi" ixtisas sahəsi üzrə qlobal reytinqdə ilk 51-100-lük qrupuna yüksəlməsi Azərbaycan elmi adından tarixi bir uğurdur. Bu qlobal zirvənin təməlində isə zəngin tarixi ənənələri və innovativ elmi tədqiqatları ilə seçilən Neft kimyası və kimya texnologiyası kafedrası dayanır.

Kafedranın tarixi ölkəmizdə neft sənayesinin geosiyasi əhəmiyyət kəsb etdiyi ikinci dünya müharibəsi illərinə, 1943-cü ilə təsadüf edir. Azərbaycan elminin korifeyi, akademik Yusif Məmmədəliyevin təşəbbüsü ilə qurulan bu kafedra ilk gündən etibarən ölkənin strateji neft-kimya potensialını kadrlarla təmin etmək missiyasını öz üzərinə götürmüşdür. Ötən onilliklər ərzində akademik Y.Məmmədəliyev, prof. Ş.Əhmədov, prof. C.Ələkbərov, dos. A.Cabbarov, prof. A.Ağayev, prof. V.Əhmədov və prof. M.Bayramov kimi nəhəng simaların rəhbərlik etdiyi kafedra bütöv bir alimlər ordusu yetişdirmişdir. 2019-cu ildən isə kafedraya rəhbərliyi kimya elmləri doktoru, professor İbrahim Məmmədov həyata keçirir.

 Laboratoriyadan Sənayeyə: Tibb və Enerjidə İnnovasiyalar
Hazırda kafedra təkcə nəzəri biliklərin verildiyi məkan deyil, həm də qlobal miqyaslı elmi kəşflərin edildiyi strateji mərkəzdir. Kafedranın nəzdində fəaliyyət göstərən “Alkenilfenollar kimyası” elmi-tədqiqat laboratoriyasında mühüm nailiyyətlər əldə olunur.
Kafedrada aparılan elmi araşdırmaların spektri olduqca genişdir:
Yaşıl Enerji: Biokütlədən biodizelin alınması və ekoloji təmiz yanacaq komponentlərinin sintezi.
Yüksək Texnologiyalı Tibb: Xərçəng, diabet və qan xəstəliklərinin müalicəsində istifadə potensialı olan xalkon, flavon, pirazol tipli bioloji aktiv maddələrin NMR metodu ilə tədqiqi.
Ekoloji Mühafizə: Ağır radionuklidlərin və toksik maddələrin tutulması üçün polimer sorbentlərin və inhibitorların işlənilməsi.
Kafedra əməkdaşları tərəfindən bu günə qədər 20-dən çox dərslik, 700-dən çox elmi məqalə və 30-a yaxın patentin alınması bu elmi ocağın dinamikasından xəbər verir.

 2026-cı ilin Yeni Mühəndislik Hədəfləri

Kafedra müdiri, prof. İbrahim Məmmədovun bu yaxınlarda işıq üzü görən "Neft kimyası və karbohidrogenlərin termokatalitik çevrilmələri" (2026) adlı yeni dərsliyi bu sahədə təhsil alan tələbə və magistrantlar üçün əvəzsiz mənbəyə çevrilib. Kitabda Azərbaycanın neft-kimya sənayesinin inkişaf tarixi ilə yanaşı, bərpa olunan enerji mənbələri və müasir mühərriklərin iş prinsipləri kimi ən aktual mövzular yer alıb.
Bu gün kafedra kimya, kimya müəllimliyi və xüsusilə sənayenin nəbzini tutan Kimya mühəndisliyi ixtisasları üzrə yüksək səviyyəli kadr hazırlığı keçirir. Tələbələr "Kimya sanayesinin proses və aparatları", "Alternativ yanacaqların alınma texnologiyası" və "Kimyəvi kibernetika" kimi fənləri mənimsəyərək birbaşa qlobal sənayeyə inteqrasiya olunurlar.

BDU-nun Neft kimyası və kimya texnologiyası kafedrası Yusif Məmmədəliyevin 83 il əvvəl yandırdığı elm məşəlini bu gün beynəlxalq reytinqlərin zirvəsinə daşıyaraq, ölkəmizi dünyada layiqincə təmsil etməyə davam edir. BDU-dan məzun olan Kimya mühəndislərinin uğurları elə bu kafedranın laboratoriya masalarından başlayır!

Qədirli Aysu
Top